Gəncə şəhərində keçirilən IV QHT Əməkdaşlıq Forumu çərçivəsində müxtəlif aktual mövzuları əhatə edən panel müzakirələri təşkil olunub.
Forumda “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Rafət Şirəliyev “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları” mövzusunda keçirilən panel müzakirəsində iştirakçı qismində yer alıb.
Panel zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyətində rəqəmsal alətlərin tətbiqi, sosial media imkanlarından səmərəli istifadə, süni intellekt texnologiyalarının QHT sektoruna inteqrasiyası və təşkilatların institusional inkişafında innovativ yanaşmaların əhəmiyyəti müzakirə olunub.
Paneldə iştirakla bağlı təəssüratlarını bölüşən Rafət Şirəliyev bildirib ki, müasir dövrdə QHT-lərin fəaliyyəti yalnız ənənəvi idarəetmə və layihə icrası ilə məhdudlaşmamalı, rəqəmsal imkanlardan istifadə təşkilatların gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.
Onun sözlərinə görə, sosial media QHT-lər üçün sadəcə məlumat paylaşmaq vasitəsi deyil, həm də ictimaiyyətlə əlaqələrin qurulması, fəaliyyətin təsirinin artırılması, tərəfdaşlıqların inkişafı və cəmiyyətin müxtəlif təbəqələrinin proseslərə cəlb edilməsi baxımından mühüm platformadır.
Rafət Şirəliyev xüsusilə süni intellekt texnologiyalarının QHT sektorunda yaratdığı imkanlara diqqət çəkərək qeyd edib ki, bu texnologiyalardan düzgün istifadə təşkilatların vaxt və resurslarına qənaət etməklə yanaşı, layihələrin hazırlanması, kommunikasiya, məlumatların təhlili və təşkilati idarəetmənin daha effektiv qurulmasına töhfə verə bilər.
O, həmçinin vurğulayıb ki, rəqəmsallaşma artıq seçim deyil, QHT-lərin rəqabətqabiliyyətliliyini və dayanıqlılığını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan, QHT nümayəndələrinin rəqəmsal və süni intellekt bacarıqlarının artırılması istiqamətində davamlı təlimlərin və təcrübə mübadiləsi platformalarının təşkili vacibdir.
Rafət Şirəliyev panel müzakirəsini QHT sektorunun gələcək inkişafı baxımından faydalı təcrübə kimi qiymətləndirərək, bu cür platformaların təşkilatlar arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə, eləcə də yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etdiyini bildirib.