Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanasında “GİNius tələbə-gənclər kuboku 2026” layihəsi çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyununun region mərhələsi keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 26-da təşkil olunan yarış Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Fibonacci” MMC-nin birgə əməkdaşlığı çərçivəsində baş tutub.
Lənkəran-Astara regionunda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin komandalarının qatıldığı yarışın əsas məqsədi gənclərin intellektual inkişafını dəstəkləmək, təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və kollektiv düşüncə mədəniyyətini təşviq etmək olub.
Yarışın nəticələrinə əsasən, birinci yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının “Nova Civitas” komandası tutub. Lənkəran Dövlət Universitetinin “Viktoria” komandası ikinci, həmin universitetin “Lumos” komandası isə üçüncü yeri qazanıb.
Qalib komandalar Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Cənub Media, Lənkəran