Noyabrın 3-də Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Citrus Valley” sitrus plantasiyasında “Bir cənub şəhərində” festivalının təşkili nəzərdə tutulur.
Cənub Media xəbər verir ki, festivalın əsas məqsədi gənclərin turizm və sahibkarlıq sahələrində bilik və bacarıqlarını artırmaq, aqroturizmin inkişafını təşviq etmək, yerli istehsal və aqrobiznesə dəstək vermək, həmçinin milli və regional məhsulların tanıdılmasına töhfə verməkdir.
Festival iştirakçıları mandarin, limon və feyxoa kimi sitrus meyvələrinin yığımı və emalı prosesində praktiki təcrübə qazanacaq, yerli məhsullarla tanış olacaq, regionlara məxsus məhsulların təqdimatını izləyəcəklər.
Tədbirin sonunda fərqlənən iştirakçıların mükafatlandırılması nəzərdə tutulur. Həmçinin gənclər evlərinin özfəaliyyət qruplarının iştirakı ilə bədii-mədəni proqram təqdim ediləcək.
Festivalın gənclərin təşəbbüskarlığının artırılmasına, aqroturizmin təşviqinə və bölgənin yerli məhsullarının daha geniş tanıdılmasına töhfə verməsi hədəflənir.
Cənub Media, Lənkəran