Cənub Media xəbər verir ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində şəhərin infrastrukturunun müasirləşdirilməsi, ictimai məkanların yenilənməsi və sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılması məqsədilə bir sıra ərazilərdə təmir-bərpa və abadlıq işləri aparılır.
Hazırda Heydər Əliyev prospektində, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov, Şirəli Axundov, Koroğlu və Fikrət Məmmədov küçələrində, həmçinin Həzi Aslanov, Xocalı və Əsgər Əliyev adına “Dostluq” parklarında abadlıq işləri görülür.
Şəhərin giriş hissələrini əhatə edən Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi və Şəhidlər xiyabanı ərazilərində də tikinti-bərpa işləri davam etdirilir. İşlər çərçivəsində piyada yolları və səkilər yenilənir, çoxmərtəbəli yaşayış binalarının fasadları və giriş hissələri təmir olunur.
Bununla yanaşı, daha 33 küçənin yenilənməsi planlaşdırılıb. Artıq Kələntərlilər, Üzeyir Hacıbəyov, Anar Mahmudov, Əli Mehdizadə, Molla Pənah Vaqif, Hənifə Abdullayev, Molla Vəli Vidadi, Dədə Qorqud, Vüsal Quliyev, Elnur Talıbov, Vaqif Nağıyev, Samir Allahverdiyev, Etiram Hüseynov, Şəhidlər xiyabanının 9-cu döngəsi və Şeyx Zahid küçələrində işlərə start verilib.
Yaşayış binalarının abadlaşdırılması da diqqət mərkəzindədir. Artıq 7 çoxmənzilli binanın giriş hissələrinin daxili səthlərinin və məhəccərlərinin rənglənməsi başa çatdırılıb, hazırda fasadların rənglənməsi işləri aparılır.
Abadlıq tədbirləri Lənkəran şəhəri ilə yanaşı, Liman şəhərində, Hirkan və Gərmətük qəsəbələrində də həyata keçirilir.
Görülən işlərin şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına, infrastrukturun yenilənməsinə və sakinlər üçün daha əlverişli mühitin yaradılmasına xidmət etdiyi bildirilir.
Cənub Media, Lənkəran


