Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında güclü yanğın baş verib.
Cənub Media xəbər verir ki, yanğın bir neçə saatdır təsərrüfatın mərkəzi hissəsində, magistral yolun kənarında yerləşən ərazidə davam edir.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Yanğınsöndürənlərin işini çətinləşdirən amillərdən biri ərazinin xüsusiyyətləridir. Kiçik Zəvvar ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsinin payız və qış aylarında yağıntılar nəticəsində su altında qalması yanğınsöndürmə texnikasının hərəkətinə və yanğına müdaxiləyə mane olur.
Yanğının başvermə səbəbi, eləcə də alovun əhatə etdiyi ərazinin ölçüsü barədə hələlik məlumat verilməyib.
Cənub Media, Cəlilabad