Qoltuqaltı tərləmənin qarşısını almaq üçün istifadə olunan dezodorant və antiperspirantların xərçəngə səbəb olması ilə bağlı iddialar zaman-zaman müzakirə olunur. Xüsusilə bu məhsulların tərkibindəki alüminium duzlarının süd vəzi xərçəngi riskini artıra biləcəyi barədə narahatlıqlar yaranır.
Cənub Media xəbər verir ki, mövcud elmi məlumatlara əsasən, dezodorant və antiperspirantların istifadəsi ilə xərçəng arasında səbəb-nəticə əlaqəsi təsdiqlənməyib.
Dezodorantlar əsasən bədən qoxusunu azaltmaq üçün istifadə olunur. Antiperspirantlar isə tərkibindəki aktiv maddələr, o cümlədən alüminium duzları vasitəsilə tər ifrazını azaldır. Bu məhsulların təsir mexanizmləri fərqli olsa da, onların adi istifadəsinin xərçəngə səbəb olduğunu göstərən etibarlı elmi sübut yoxdur.
Mütəxəssislər bildirirlər ki, məhsul seçərkən onun tərkibinə və istifadə qaydalarına diqqət yetirmək vacibdir. Dəridə kəsik, qıcıqlanma və ya iltihab olduqda antiperspirant və dezodorantların istifadəsi narahatlığı artıra bilər.
Qeyd edək ki, parabensiz və ya alüminiumsuz məhsullar seçmək şəxsi üstünlük ola bilər. Lakin bu cür məhsulların xərçəng riskini azaltdığı elmi olaraq sübut edilməyib.
Cenub Media