Lənkəranda Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə, onların yarımçıq qalan arzularına və geridə qoyduqları əzizlərinə həsr olunan “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təşkil olunub.
Cənub Media xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, dövlət və təhsil müəssisələrinin nümayəndələri, gənclər, gənclər təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətini vurğulayıblar.
Vətən uğrunda canlarını fəda edən qəhrəmanların xatirəsinin yaşadılması, onların şərəfli həyat yolunun gələcək nəsillərə çatdırılması və gənclərin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna bağlılığının gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Şəhid ailələrinin göstərdiyi mətanət, fədakarlıq və qürur hissi ilə yanaşı, qəhrəmanlarımızın bizə əmanət qoyduğu dəyərlərin qorunmasının əhəmiyyəti qeyd olunub.
Bədii kompozisiyanın əsas ideyası Vətən sevgisi ilə şəxsi duyğuların qovuşduğu, qəhrəmanların doğmalarına olan məhəbbətinin və Vətən qarşısındakı müqəddəs borcunun ön plana çıxdığı təsirli səhnələrlə tamaşaçılara çatdırılıb.
Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin könüllülərinin ifasında təqdim olunan səhnə əsərində işıq və kölgələrin köməyi ilə yaradılan siluetlər xüsusi emosional təsir doğurub. Vətən müdafiəçilərinin sevdikləri ilə vidalaşması, ayrılıq anları və doğmalarına əmanət qoyduqları arzular bədii ifadə vasitələri ilə canlandırılıb. Səhnələr tamaşaçılara duyğulu anlar yaşadaraq müharibənin arxasında qalan insan talelərini və fədakarlığın mənəvi dəyərini bir daha xatırladıb.
Proqram çərçivəsində gənclərin ifasında təqdim olunan duyğusal vals və milli rəqs nömrələri kompozisiyanın bədii məzmununu tamamlayıb.
Tədbirin sonunda iştirakçıların Azərbaycan bayrağı ətrafında birləşməsi Vətənə sədaqətin, milli həmrəyliyin və Zəfər qürurunun rəmzi kimi yadda qalıb.
İlkin Adıyev, Cənub Media, Lənkəran




