Cəlilabad rayonunda əhali arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin əhəmiyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri təşkil olunub.
Cənub Media xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 3.3.7.3-cü bəndinin icrası çərçivəsində keçirilib.
Maarifləndirmə zamanı Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Seyrəngahında sakinlərlə söhbətlər aparılıb. Fiziki aktivliyin sağlamlığın qorunmasında, xəstəliklərin profilaktikasında və həyat keyfiyyətinin yüksəldilməsində rolu diqqətə çatdırılıb.
Tədbir çərçivəsində əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən şəxslər üçün fiziki aktivliyə dair hazırlanmış maarifləndirici bukletlər paylanılıb. Sakinlərə gündəlik həyatda müntəzəm hərəkət etməyin, piyada gəzməyin və aktiv həyat tərzinə üstünlük verməyin faydaları barədə tövsiyələr verilib.
Bu cür maarifləndirmə tədbirləri əhali arasında sağlam vərdişlərin formalaşdırılmasına və fiziki aktivliyin gündəlik həyatın bir hissəsinə çevrilməsinə yönəlib.
İlkin Adıyev, Cənub Media, Cəlilabad