Astara rayonunda 2026-cı ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin sayı və əməkhaqqı ilə bağlı göstəricilər açıqlanıb.
Cənub Media xəbər verir ki, sentyabrın 1-nə olan məlumata görə, rayonda muzdla çalışan işçilərin sayı 8101 nəfər təşkil edib. Onlardan 5600 nəfəri dövlət, 2501 nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Astara Rayon Staistika İdarəsindən bildirilib ki, muzdla çalışanların ən böyük hissəsi təhsil sahəsində fəaliyyət göstərib. İşçilərin 37,9 faizi bu sahənin payına düşüb. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlar 21,4 faiz, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanlar isə 11,2 faiz təşkil edib.
Bundan başqa, işçilərin 7 faizi sənaye, 6,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,8 faizi tikinti sahəsində çalışıb.
Muzdla çalışanların 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub. İşçilərin 7 faizi isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.
Qeyd olunan dövrdə rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 732,4 manata çatıb.
İlkin Adıyev, Cənub Media, Astara