Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant direktor müavini vəzifələri üzrə keçirilən müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.
Cənub Media xəbər verir ki, müsahibə mərhələsində müəyyən edilmiş tələblərə cavab verən namizədlərin idarəetmə, pedaqoji və kommunikasiya bacarıqları qiymətləndirilib.
Namizədlərin bilik və bacarıqları 7 əsas meyar üzrə dəyərləndirilib. Bunlara liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqlar daxil olub.
Müsabiqənin əsas məqsədi ümumi təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, müasir idarəetmə və peşəkar bacarıqlara malik kadrların seçilməsi, eləcə də məktəblərin rəhbər heyətinin gücləndirilməsidir.
Müsahibə mərhələsində iştirak edən namizədlərin nəticələrinin müəyyən edilmiş qaydalara uyğun olaraq qiymətləndiriləcəyi bildirilib.
İlkin Adıyev, Cənub Media