Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın, erkən nikahların və digər mənfi halların qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib.
Cənub Media xəbər verir ki, tədbirdə məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər. Görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, eləcə də erkən nikahların qarşısının alınması istiqamətində görülən işlər müzakirə olunub.
Tədbir Azərbaycan Respublikasının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası çərçivəsində təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maarifləndirici görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev və Masallı Rayon Polis Şöbəsinin YYÇPİTQ-nın baş inspektoru Samid Əliyev çıxış ediblər.
Çıxışlarda narkomanlığın gənclərin həyatına və gələcəyinə yaratdığı təhlükələrdən, narkotik vasitələrdən istifadənin hüquqi və sosial fəsadlarından ətraflı bəhs olunub.
Şagirdlərin məktəbə kəsici və deşici alətlər, təhlükəli və zəhərli maddələr, tezalışan vasitələr, kibrit və alışqanlar, siqaret və elektron siqaretlər, spirtli içkilər, qanunla istifadəsi qadağan olunan maddələr və digər təhlükəli əşyalar gətirməməsinin vacibliyi diqqətə çatdırılıb.
Bununla yanaşı, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllərin mümkün hüquqi nəticələri barədə məlumat verilib. Uşaqların təzyiq və məişət zorakılığına məruz qalmasının, cinsi və əmək istismarına cəlb edilməsinin, eləcə də erkən nikaha təhrik olunmasının qarşısının alınması ilə bağlı valideyn və şagirdlərə mühüm tövsiyələr verilib.
Görüşdə, həmçinin Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq imkanları barədə şagirdlərə məlumat verilib, gənclər bu istiqamətdə təhsil və karyera imkanlarından yararlanmağa təşviq olunublar.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, onların diqqət yetirməli olduqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin əsas məqsədinin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, hüquqi maarifləndirilməsi və erkən nikahların qarşısının alınmasına yönəlmiş düzgün davranışların formalaşdırılması olduğu vurğulanıb.
İlkin Adıyev, Cənub Media