Astara rayonunda mövsümün ilk kivi məhsulunun yığımına başlanılıb. Fermerlər bu il məhsuldarlığın yüksək olduğunu və kiviyə tələbatın artdığını bildirirlər.
Cənub Media xəbər verir ki, rayonda kivi yığımına start verilib. Xüsusilə Təngərüd, Maşxan, Ərçivan, Şahağacı və Şiyəkəran kəndlərində, eləcə də Astara şəhəri ərazisində yerləşən kivi bağlarında məhsulun bol olduğu müşahidə olunur.
Fermerlərin sözlərinə görə, bu il kivinin satış qiymətində də artım qeydə alınıb. Ötən il mövsümün ilk günlərində məhsulun kiloqramı 1,70–1,75 manata satıldığı halda, hazırda qiymət əsasən 1,90–2,20 manat arasında dəyişir.
Məhsulun zədələnməsinin qarşısını almaq üçün kivinin yığımı əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilir. Toplanan məhsul xüsusi qablara yerləşdirilir və daha sonra çeşidlənməsi üçün qəbul məntəqələrinə göndərilir.
Artıq yığılan məhsulun bir hissəsinin daxili, digər hissəsinin isə xarici bazarlara çıxarıldığı bildirilir. Hazırda təxminən 20–25 ton məhsul daxili bazara, 40–50 ton isə xarici bazarlara göndərilib.
Yerli bazara çıxarılan kivinin qiyməti isə məhsulun ölçüsündən asılı olaraq daha yüksəkdir. Belə ki, çəkisi 100–120 qram olan iri kivinin ədədi 2,50–2,80 manata satılır.
Təngərüd kənd ərazi icra nümayəndəsi Rəşad Həsənov Cənub Media-ya bildirib ki, rayonda mövcud kivi bağlarının əhəmiyyətli hissəsi Təngərüd kəndinin ərazisinə düşür.
Onun sözlərinə görə, məhsulun satış qiyməti əsasən kivinin kalibrindən, yəni ölçüsündən asılı olaraq dəyişir:
“Bağlarda məhsuldarlıq boldur və məhsullarımıza tələbat böyükdür. Xaricdən, xüsusilə İran İslam Respublikasından istər ölkəmizə, istərsə də Rusiya bazarlarına kivi məhsulu ixrac olunmadığına görə məhsullarımıza tələbat artıb”.