Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ərkivan qəsəbəsində sakinlərlə növbəti səyyar görüş-qəbul keçirib.
Cənub Media xəbər verir ki, görüşdə rayon rəhbəri Ərkivanın tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial-iqtisadi inkişafı barədə məlumat verib. O bildirib ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Masallı RİH başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov qeyd edib ki, Ərkivanda əvvəlki qəbul zamanı 4 vətəndaş tərəfindən 4 məsələ qaldırılıb. Həmin məsələlərdən 2-si müsbət həll olunub, digər 2 məsələ ilə bağlı isə vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahat verilib.
Budəfəki qəbul zamanı sakinlər əsasən sosial və şəxsi xarakterli məsələlərlə bağlı müraciətlər ediblər. Müraciətlər qeydə alınaraq onların araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Araz Əhmədov yaşayış məntəqəsinin sosial problemlərinin həllinin diqqətdə saxlanıldığını və bu istiqamətdə tədbirlərin mərhələli şəkildə davam etdiriləcəyini bildirib. Rayon rəhbəri sakinləri fəal olmağa çağıraraq hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətlər daxilində həll ediləcəyini vurğulayıb.
Görüş zamanı sakinlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media