Masallı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Cənub Media xəbər verir ki, tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti Aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Zahid Sadıxov açıb. O, “Şəhərsalma və Memarlıq İli”nin şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, müasir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması baxımından əhəmiyyətindən danışıb.
Daha sonra Masallı Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Elşən Abiyev mövzu ilə bağlı çıxış edib.
Çıxış zamanı tikinti işlərinin mövcud qanunvericiliyin, şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, tikinti işlərinin müəyyən edilmiş qaydalara uyğun aparılması yaşayış məntəqələrinin düzgün planlaşdırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin və memarlıq simasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə qanunsuz tikintilərin qarşısının alınması və bu sahədə nəzarətin gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə də məlumat verilib.
Həmçinin tikinti işlərinə başlamazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş prosedurların yerinə yetirilməsi, şəhərsalma və tikinti sahəsində mövcud tələblərə əməl olunması və qanunsuz tikintilərə yol verilməməsi ilə bağlı maarifləndirici məsələlər müzakirə edilib.
Sonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müasir şəhərsalma prinsiplərinin tətbiqinin, qanunvericiliyin tələblərinə riayət olunmasının və tikinti işlərinin müəyyən edilmiş norma və qaydalara uyğun həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Əlihüseyn Şükürov, Cənub Media

