27 Sentyabr – Anım Günü münasibətilə Cəlilabad rayonunda Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Cənub Media xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Əbədi məşəl önünə əklil və gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub.
Saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdiyini bildirib.
Qeyd olunub ki, tarixi Zəfərin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı ilə yanaşı, şəhidlərin canı və qanı mühüm rol oynayıb. Vətən müharibəsində şəhid olan qəhrəmanların döyüş yolu və əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Rafiq Cəlilov şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Onların sosial məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirdə Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev və şəhid Orxan Paşazadənin atası Nazim Paşayev də çıxış ediblər. Onlar Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, şəhidlərin şərəfli döyüş yolundan və qazanılan tarixi Zəfərdən danışıblar.
Çıxışlarda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.