27 sentyabr – Anım Günü ilə əlaqədar Lənkəran şəhərinin Heydər Əliyev prospektində ağacəkmə aksiyası təşkil olunub.
Cənub Media xəbər verir ki, aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, eləcə də müxtəlif xidmət sahələri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Yaşıllıq ərazilərinin genişləndirilməsi və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə keçirilən aksiya zamanı ümumilikdə 500 həmişəyaşıl ağac torpağa basdırılıb.
Əkilən ağacların 200-ü Eldar şamı, 200-ü sərv, 100-ü isə tuya olub.
Aksiya zamanı yeni əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilib, onların suvarılması təmin olunub.
Lənkəranda yaşıllaşdırma və abadlıq işlərinin bundan sonra da mütəmadi davam etdirilməsi nəzərdə tutulur.