27 Sentyabr – Anım Günü ilə əlaqədar Lənkəranda şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Lənkərandan olan Milli Qəhrəmanların xatirə abidəsini, daha sonra Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Abidələrin önünə gül dəstələri düzülüb.
Ziyarət zamanı şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüşən Taleh Qaraşov onların qayğıları ilə maraqlanıb.
Daha sonra icra başçısı 27 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Nicat Nəzərlinin, həmçinin Vətən müharibəsi şəhidləri Mehman Şirvanov və Qalib Əkbərzadənin məzarlarını ziyarət edib. Şəhidlərin məzarları Narbağı, Ürgə, Kərgəlan və Şiləvar kəndlərində yerləşir.
Anım Günü ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri də şəhidlərin məzarlarını ziyarət edib, onların ailələrinə baş çəkiblər.
Lənkəranda saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bu zaman küçələrdə nəqliyyat vasitələrinin hərəkəti də müvəqqəti dayandırılıb.
Anım Günü ilə bağlı tədbirlər çərçivəsində Lənkəranda forum, konfrans, dəyirmi masa, seminar və sərgilər təşkil edilib. Şəhidlərin məzarları, abidələri və barelyeflərinin ətrafında abadlıq işləri aparılıb, şəhər və qəsəbələrdə ağacəkmə aksiyaları keçirilib.
Şəhid ailələri və müharibə iştirakçıları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.



