Masallıda şəhid ailələrinin sosial-məişət məsələlərinin həlli istiqamətində tədbirlər davam etdirilir.
Cənub Media xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qodman kəndində yaşayan, Birinci Qarabağ müharibəsi şəhidi Rahim Zərbiyevin səhhətində problem olan anasını ziyarət edib.
Görüş zamanı şəhid anasının səhhəti və gündəlik qayğıları ilə maraqlanılıb, onun müraciət və istəkləri dinlənilib.
Ziyarətdə Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu da iştirak edib. O, şəhid anasını müayinə edərək səhhəti ilə bağlı tibbi qiymətləndirmə aparıb. Mövcud vəziyyətə uyğun müalicə təyin olunub və tibbi tövsiyələr verilib.
Rayon rəhbəri həmçinin şəhid valideynləri üçün inşa olunan yaşayış evində aparılan işlərlə də tanış olub.
Bildirilib ki, şəhid ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə evin inşası Masallı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilir.
Araz Əhmədov görülən işlərin gedişi və keyfiyyəti ilə maraqlanıb, evdə yaradılan şəraitə baxış keçirib və işlərin keyfiyyətlə tamamlanması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.
Görüşlər zamanı şəhid ailələrinin digər qayğı və problemləri də dinlənilib. Rayon rəhbəri yaşlı və səhhətində problem olan şəhid ailəsi üzvlərinin vəziyyətinin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin müraciətlərinin araşdırılması və onların sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib.

Əlihüseyn Şükürov, Cənub Media