Lənkəran kollektivinin ifası Bakıda Milli Geyimlər Gününə rəng qatıb.
Cənub Media xəbər verir ki, sentyabrın 19-da Bakının İçərişəhərində ilk dəfə Milli Geyimlər Günü qeyd olunub.
Azərbaycan geyim mədəniyyətinin müxtəlif dövrlərini, regionlara xas xüsusiyyətlərini və müasir inkişaf istiqamətlərini əks etdirən tədbir çərçivəsində geniş mədəni proqram təqdim olunub.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş bədii kollektivlərlə yanaşı, Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Babalar” xor kollektivi də çıxış edib.
Lənkəran təmsilçilərinin ifasında səsləndirilən musiqi nümunələri tədbir iştirakçılarının və İçərişəhəri ziyarət edən turistlərin marağına səbəb olub.
Proqram çərçivəsində meydanda milli rəqslər nümayiş etdirilib, müxtəlif bölgələrə məxsus etno-geyim və musiqi nümunələri təqdim olunub. İçərişəhər sakinlərinin iştirakı ilə milli geyim nümayişi də keçirilib.
Tədbirdə, həmçinin xarici ölkələrin nümayəndə heyətləri tərəfindən dünya xalqlarının milli geyim və rəqs nümunələri təqdim olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan milli geyim mədəniyyətinin təbliği, müxtəlif bölgələrə xas geyim nümunələrinin tanıdılması və milli-mədəni irsin qorunmasına diqqətin artırılması olub.
İlkin Adıyev, Cənub Media
