“Xocavənd Gənclərinin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən Beyləqan rayonunun ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında “Mənim gələcək peşəm” mövzusunda maarifləndirici sorğu təşkil edilib.
Sorğunun əsas məqsədi məktəblilərin maraq göstərdiyi ixtisas sahələrini, karyera planlarını və peşə seçimlərini öyrənmək, eləcə də onların gələcək inkişaf və təhsil ehtiyaclarını müəyyənləşdirməkdir.
Tədqiqat xarakterli sorğu çərçivəsində şagirdlərin müasir əmək bazarının tələblərinə baxışı, ali və orta ixtisas təhsili müəssisələrinə yönəlmə meyilləri, habelə peşə seçimi prosesində qarşılaşdıqları çətinliklər araşdırılıb. Məktəblilər sorğu anketlərini cavablandıraraq ən çox maraqlandıqları sahələr — texnologiya, tibb, mühəndislik, təhsil, humanitar və digər istiqamətlər üzrə öz fikirlərini bölüşüblər.
Sorğudan əldə olunan nəticələr rayon məktəblilərinin peşəyönümlü fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi, gələcəkdə təşkil olunacaq karyera bələdçiliyi seminarları, təlimlər və məsləhət xidmətlərinin planlaşdırılması üçün mühüm baza rolunu oynayacaq.
