Masallıda qədim sənətkarlıq ənənələrindən olan həsirçiliyin qorunması və inkişaf etdirilməsi istiqamətində yeni işlər görülür.
Cənub Media xəbər verir ki, Masallı Həsirçilik sexinin qarşısında hazırlanan xüsusi stendlərdə burada istehsal olunan həsirlər və digər əl işlərinin nümayiş etdirilməsi, həmçinin satışının təşkili nəzərdə tutulur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov sexdə aparılan işlərlə yerində tanış olub. Rayon rəhbərinə görülən işlər barədə məlumat verilib və qarşıda duran məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, həsirçilik Masallının qədim sənətkarlıq sahələrindən biri olmaqla yanaşı, rayonun milli-mədəni irsinin mühüm nümunələrindəndir. Yeni stendlərin hazırlanmasının bu sənətin tanıdılması və həsirçilik məhsullarının daha geniş şəkildə təqdim olunmasına xidmət edəcəyi bildirilir.
Əlihüseyn Şükürov, Cənub Media