Gecə saatlarında ayaqlarda yanma, sızıltı, iynələnmə və narahatlıq hissi bir çox insanı narahat edən problemlərdəndir. Bəzən bu əlamətlər sadə yorğunluqla əlaqələndirilsə də, davamlı və təkrarlanan hallarda müxtəlif səbəblərdən qaynaqlana bilər.
Cənub Media xəbər verir ki, mütəxəssislərin fikrincə, ayaqlarda bu cür narahatlıq sinir sistemi, qan dövranı, əzələ-sinir problemləri və bəzi metabolik vəziyyətlərlə əlaqəli ola bilər.
Xüsusilə gecələr güclənən, yuxuya getməyə mane olan və uzun müddət davam edən şikayətlərə diqqətsiz yanaşmaq tövsiyə edilmir.
Bəs ayaqlarda yanma və sızıltının ən çox rast gəlinən səbəbləri hansılardır? Bu əlamətlər hansı hallarda ciddi xəstəliyin göstəricisi hesab oluna bilər? Həkimə nə zaman müraciət etmək lazımdır?
Cənub Media bu sualları tanınmış nevroloq Əli Kişiyevə ünvanlayıb.
Həkimin sözlərinə görə, aşağı ətraflarda bu cür əlamətlərin əsas səbəblərindən biri polinevropatiyadır. Bu zaman çoxsaylı periferik sinirlər zədələnir və ayaqlarda yanma, keyimə, sızıltı, ağrı, hissiyatın azalması, hətta əzələ gücünün zəifləməsi müşahidə oluna bilər.
Diabet ayaqlarda sinir zədələnməsinə səbəb ola bilər
Mütəxəssis xüsusilə şəkərli diabet fonunda yaranan diabetik polinevropatiyaya diqqət çəkib.
Onun sözlərinə görə, diabet zamanı sinirlərin zədələnməsi nəticəsində ayaqlarda yanma, keyimə, sızıltı və ağrı ilə yanaşı, hissiyatın azalması və əzələ zəifliyi də yarana bilər.
B12 vitamini və fol turşusunun uzunmüddətli çatışmazlığı da sinir toxumasının fəaliyyətinə mənfi təsir göstərə və aşağı ətraflarda nevroloji əlamətlərə səbəb ola bilər.
Səbəb yalnız sinirlər olmaya bilər
Nevroloq bildirib ki, ayaqlardakı sızıltı və keyimənin səbəbini yalnız periferik sinirlərdə axtarmaq düzgün deyil.
Bel nahiyəsində yırtıq və digər onurğa patologiyaları ayaqlara gedən sinir köklərini sıxaraq ağrı, keyimə və hissiyyat pozuntularına səbəb ola bilər.
Onurğa beyninin bəzi xəstəlikləri, o cümlədən iltihabi proseslər və dağınıq skleroz zamanı da aşağı ətraflarda hissiyyat və hərəkət pozuntuları meydana çıxa bilər.
Bundan başqa, uzun müddət və çox miqdarda alkoqol qəbulu, bəzi dərmanların uzunmüddətli və ya yüksək dozada istifadəsi, eləcə də toksik maddələrin təsiri periferik sinirlərin zədələnməsinə gətirib çıxara bilər.
Xroniki böyrək və qaraciyər xəstəlikləri də bu cür şikayətlərin səbəbləri arasında göstərilir.
Damar problemləri də nəzərə alınmalıdır
Mütəxəssisin sözlərinə görə, aşağı ətraflarda qan dövranının pozulması, arteriya və venaların xəstəlikləri, həmçinin damarların trombozu da ayaqlarda ağrı və digər narahatlıqlara səbəb ola bilər.
Kalsium, kalium və maqnezium kimi mineralların çatışmazlığı, eləcə də qalxanabənzər vəzinin bəzi xəstəlikləri də əzələ və sinir sistemində müxtəlif əlamətlərlə özünü göstərə bilər.
Gecələr ayaqları hərəkət etdirmək ehtiyacı yaranırsa…
Əgər ayaqlarda xoşagəlməz hisslər əsasən gecə və istirahət zamanı yaranır, insanı ayaqlarını hərəkət etdirməyə məcbur edir və hərəkət etdikdə müvəqqəti azalırsa, bu, narahat ayaqlar sindromu ilə əlaqəli ola bilər.
Bu vəziyyət bəzi insanlarda yuxuya getməyi çətinləşdirə və yuxu keyfiyyətini poza bilər.
Nevroloq vurğulayıb ki, ayaqlarda yanma, keyimə, sızıltı və ağrı kimi əlamətlərin səbəbi müxtəlif olduğundan, insanın özünə diaqnoz qoyması düzgün deyil.
Belə şikayətlər davamlı xarakter daşıyırsa, nevroloqa müraciət edilməli və səbəb müəyyənləşdirilməlidir. Müayinə zamanı şikayətlərin xarakteri, sinir və əzələlərin vəziyyəti qiymətləndirilir, ehtiyac olduqda əlavə müayinələr aparılır.
İlkin Adıyev, Cənub Media