Masallıda Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının XI konfransı keçirilib.
Cənub Media xəbər verir ki, sentyabrın 14-də keçirilən konfransdan əvvəl iştirakçılar Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Konfransda YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə təşkilatın fəaliyyəti, rayonda keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə iştirakı barədə məlumat verib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət və regionların inkişafı istiqamətində görülən işlərdən danışıb.
Konfransda Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və digər şəxslər də çıxış ediblər.
Çıxışlarda YAP-ın ölkənin ictimai-siyasi həyatında rolu, partiya təşkilatlarının fəaliyyəti və rayon təşkilatının gördüyü işlər diqqətə çatdırılıb.
Konfrans zamanı YAP Masallı Rayon Təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Həmçinin Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda YAP-ın Himni səsləndirilib.


Əlihüseyn Şükürov, Cenub.media