Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 18–25 yaşlı qızlar üçün “Yango Rəqəmsal Bacarıqlar və İmkanlar Proqramı”nın təqdimatı keçirilib.
Cənub Media xəbər verir ki, proqramın əsas məqsədi region gənclərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların karyera imkanlarının genişləndirilməsi və müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə dəstək göstərməkdir.
Millət vəkili Fariz İsmayılzadə Cənub Media-ya bildirib ki, bu kimi layihələrin regionlarda həyata keçirilməsi gənc qızların yeni bilik və bacarıqlar əldə etməsi, onların inkişafına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Onun sözlərinə görə, müasir dövrdə rəqəmsal bacarıqlar gənclərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Proqram çərçivəsində 18–25 yaşlı qızlar üçün ödənişsiz təlimlər keçiriləcək.
Məlumata görə, proqram 2027-ci ilin mart ayınadək davam edəcək.
Layihə çərçivəsində iştirakçıların rəqəmsal biliklərinin artırılması, onların yeni karyera imkanları ilə tanış olması və gələcək əmək fəaliyyətinə daha hazırlıqlı olması üçün müxtəlif imkanların yaradılması nəzərdə tutulur.

