Lənkəranda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə əməkdaşları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli ədliyyə orqanlarının əməkdaşları şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər.
Taleh Qaraşov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. O, 22 noyabrın ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsinin Ulu Öndər Heydər Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının ifadəsi olduğunu bildirib.
Şəhər rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən islahatları da vurğulayıb.
Tədbirin sonunda ədliyyə sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində səmərəli xidmətlərinə görə bir qrup əməkdaş Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Cənub Media, Lənkəran




