Lerikdə kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə istehsal imkanlarının genişləndirilməsi, yeni təsərrüfatların yaradılması və mövcud müəssisələrin fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Dövlət Proqramı çərçivəsində rayonda quşçuluq, balıqçılıq, heyvandarlıq, meyvəçilik və çiyələkçilik təsərrüfatlarında görülən işlərə yerində baxış keçirilib.
Cənub Media xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev və digər rəsmi şəxslər rayonun bir sıra kəndlərində fəaliyyət göstərən aqrar təsərrüfatlarla tanış olublar.
Səfər çərçivəsində Piran kəndində quşçuluq müəssisələrinin, Bilnə kəndində balıqçılıq və heyvandarlıq təsərrüfatlarının, Hiveri kəndində intensiv meyvə bağının, Tatoni kəndində çiyələk təsərrüfatının, Brkandul kəndində xırdabuynuzlu heyvandarlıq təsərrüfatının fəaliyyəti nəzərdən keçirilib. Həmçinin Nüvədi kəndində Dövlət Proqramı çərçivəsində təşəbbüsə yeni qoşulmuş fermer tərəfindən yaradılan xırdabuynuzlu heyvandarlıq təsərrüfatına baxış keçirilib.
Tanışlıq zamanı təsərrüfatların mövcud vəziyyəti, istehsal potensialı, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Aqrar sahədə müasir texnologiyaların və innovativ istehsal üsullarının tətbiqi, məhsuldarlığın artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması və rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə məsələləri müzakirə olunub.
Bildirilib ki, Dövlət Proqramının icrasına başlanılmasından ötən qısa müddət ərzində Lerikdə müxtəlif istiqamətlər üzrə yeni təsərrüfatların yaradılması, mövcud istehsal sahələrinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına marağın artırılması istiqamətində mühüm addımlar atılıb.
Həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, fermer və sahibkarlara təsərrüfatlarını genişləndirmək, istehsalın səmərəliliyini artırmaq və Dövlət Proqramının yaratdığı imkanlardan maksimum yararlanmaqla bağlı müvafiq tövsiyələr verilib.
Cənub Media, Lerik