Astarada kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı istiqamətində yeni layihələr reallaşdırılır. Dövlət Proqramı çərçivəsində rayonda balıqartırma təsərrüfatlarının yaradılması, mövcud istehsal imkanlarının genişləndirilməsi və intensiv sitrus bağlarının salınması istiqamətində işlər görülür.
Cənub Media xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev və digər rəsmilər rayonda fəaliyyət göstərən fermer təsərrüfatları və sahibkarlıq subyektlərində görülən işlərlə tanış olublar.
Baxış zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib.
Bildirilib ki, Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində “Astara FİSH” MMC tərəfindən ümumi sahəsi 198 kvadratmetr olan 22 balıqartırma hovuzu tikilib, 3146 ədəd 100–110 qramlıq nərə cinsli balıq balası alınıb.
Bundan əlavə, “Beluga Astara” MMC tərəfindən ümumi sahəsi 1100 kvadratmetr olan 18 balıqartırma hovuzu inşa edilib.
“İMANNA” MMC tərəfindən isə əkinə hazır vəziyyətə gətirilmiş 50 hektar yeni intensiv sitrus bağının 23 hektarında 15 min naringi tingi əkilib. Bağın qalan hissəsində əkin işlərinin aparılması üçün tinglər sifariş verilib.
Fermer və sahibkarlarla görüşdə rayonda kənd təsərrüfatının inkişafı üçün müəyyənləşdirilmiş prioritetlərdən danışılıb. Qeyd olunub ki, müasir texnologiyalardan və innovativ üsullardan istifadə etməklə istehsal və emal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bu istiqamətdə fermer və sahibkarlara hərtərəfli dəstək göstərilir.
Fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və aqrar sahənin daha da inkişafı üçün bütün imkanlarını səfərbər edəcəklərini vurğulayıblar.
Cənub Media, Astara


