Yardımlı rayonunda vətəndaş qəbulları zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir.
Cənub Media xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədovun kəndlərdə keçirdiyi səyyar vətəndaş qəbullarında səsləndirilən müraciətlərin operativ həlli məqsədilə aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülüb.
Belə ki, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Zevin kəndi istiqamətində üç yeni yol nişanı quraşdırılıb.
Həmçinin nəqliyyat vasitələrinin və sakinlərin gediş-gəlişini asanlaşdırmaq üçün Cirimbel və Kürəkçi kəndlərinə gedən avtomobil yolu xüsusi texnikanın köməyi ilə genişləndirilərək hamarlanıb.
Bununla yanaşı, kəndlərdə elektrik enerjisinin fasiləsiz və təhlükəsiz verilişini təmin etmək məqsədilə ayrı-ayrı yaşayış məntəqələrində istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəzlənib.
Rayon ərazisində sakinləri narahat edən sosial və infrastruktur problemlərinin aradan qaldırılması, vətəndaş müraciətlərinə həssas yanaşılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.
Cənub Media, Yardımlı