Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Kənarmeşə, Seyidəkəran və Şilim kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.
Cənub Media xəbər verir ki, noyabrın 11-də təşkil olunan görüşdə ŞİH aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Taleh Qaraşov əvvəlki səyyar görüşlərdə sakinlər tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlər həll edilib, digər məsələlərlə bağlı isə aidiyyəti yuxarı dövlət orqanlarına rəsmi müraciətlər göndərilib və nəticələr barədə vətəndaşlara məlumat verilib.
İcra başçısı sakinlərin müraciətlərinin diqqətdə saxlanıldığını vurğulayaraq, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi və müraciətlərə baxılmasında şəffaflığın təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə rəqəmsal dövlət xidmətlərindən istifadə imkanları, xüsusilə “myGov” platformasının üstünlükləri barədə də danışılıb. Vətəndaşların bu platforma vasitəsilə dövlət qurumlarına elektron müraciət edə, şəxsi məlumatlarını izləyə və rəqəmsal sənədlərindən istifadə edə bildikləri diqqətə çatdırılıb.
Səyyar qəbul zamanı kənd təsərrüfatının müasir metodlarla inkişafı, aqrar sahədə məhsuldarlığın artırılması, innovativ suvarma sistemlərinin tətbiqi və torpaqların şorlaşmadan qorunması məsələləri də müzakirə olunub.
Sakinlər görüşün təşkilinə və müraciətlərini birbaşa rayon rəhbərliyinə çatdırmaq imkanının yaradılmasına görə məmnunluqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran




