Məktəblilərə üzgüçülük bacarıqlarının öyrədilməsini və suda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasını nəzərdə tutan “Üzməyi öyrənək” layihəsi bu ilin noyabr-dekabr aylarında səkkizinci dəfə həyata keçiriləcək.
Cənub Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlığı ilə reallaşdırılan layihə ölkə üzrə 33 idman obyektini və 60 məktəbi əhatə edəcək.
Layihə çərçivəsində 1–8-ci sinif şagirdləri peşəkar məşqçilərin rəhbərliyi ilə bir ay müddətində ödənişsiz üzgüçülük təlimlərinə qatılacaqlar. Məşğələlərdə uşaqlara üzgüçülüyün əsasları öyrədiləcək, suda təhlükəsiz davranış qaydaları aşılanacaq və idmana maraqları artırılacaq.
Layihənin həyata keçiriləcəyi idman obyektləri arasında Cəlilabad, Lənkəran, Biləsuvar, Neftçala və Salyan Olimpiya İdman Kompleksləri də var.
Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilərin üzgüçülük bacarıqlarını inkişaf etdirmək, suda boğulma risklərinin azaldılmasına töhfə vermək və sağlam həyat tərzini təşviq etməkdir.
Cənub Media, Cəlilabad