Lənkəranda gənclər arasında keçirilən “Rəqəmsal dahi: 9-cu səviyyə” intellektual yarışının final mərhələsi başa çatıb. Yarışda Yardımlı, Cəlilabad və Astara rayonlarını təmsil edən komandalar mükafatçılar sırasında yer alıblar.
Cənub Media xəbər verir ki, final mərhələsi oktyabrın 30-da Lənkəran regional “ASAN xidmət” mərkəzində təşkil olunub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarış “Nə? Harada? Nə zaman?” formatında keçirilib.
Finalda iştirak edən komandalar müxtəlif suallar ətrafında biliklərini sınayıb, məntiqi düşünmə, çevik qərarvermə və analitik təhlil bacarıqlarını nümayiş etdiriblər.
Gərgin mübarizənin yekununda Yardımlı rayonunun “Bozqurdlar” komandası birinci yeri tutaraq yarışın qalibi olub. Cəlilabad rayonunun “Nizami” komandası ikinci, Astara rayonunun “Nova” komandası isə üçüncü yeri qazanıb.
Qalib komanda kubok, medal və diplomla, ikinci və üçüncü yerlərin sahibləri isə medal və diplomlarla təltif ediliblər. Digər üç komanda da yarışda fəal iştiraklarına görə təşəkkürnamələrlə mükafatlandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin rəqəmsal biliklərini artırmaq, məntiqi və analitik düşünmə qabiliyyətlərini inkişaf etdirmək, eləcə də onların intellektual potensialının üzə çıxarılmasına şərait yaratmaqdır.
Cənub Media, Lənkəran


