Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsində “Mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə məşq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 13-də təşkil olunan tədbir Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən birgə təsdiq edilmiş 2026-cı il üzrə mülki müdafiə tədbirləri planına əsasən baş tutub.
İclasda qərargahın rəisi Könül Manafova çıxış edərək mülki müdafiə tədbirlərinin əhəmiyyətindən, fövqəladə hallara hazırlığın vacibliyindən və təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyindən danışıb.
Qərargahın üzvü Sadiq Həmidov isə fövqəladə hallar zamanı düzgün davranış qaydaları, mümkün təhlükələrin qarşısının alınması və mülki müdafiə sahəsində maarifləndirmə işlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Tədbirdə yanğınsöndürən balonlardan istifadə qaydaları, zəlzələ zamanı təhlükəsizlik tədbirləri, dəm qazından qorunma yolları, zəhərlənmələrin əlamətləri və zərərçəkənlərə ilkin yardımın göstərilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, güclü ildırım zamanı qorunma üsulları, məişətdə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları, torpaq sürüşməsi zamanı görülməli tədbirlər və mühafizə üsulları barədə məlumat verilib.
Tədbirin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı düzgün davranış qaydaları üzrə məlumatlılığı artırmaq, təhlükəsizlik mədəniyyətini formalaşdırmaq və mülki müdafiə sahəsində hazırlıq səviyyəsini yüksəltmək olub.
İlkin Adıyev, Cənub Media

