Cənub Media xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkənin siyasi, iqtisadi və sosial inkişafının əsas istiqamətlərindən biridir.
Rafiq Cəlilov qeyd edib ki, ölkədə mövcud olan sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün mühüm zəmin yaradır. O, qurultayda səsləndirilən fikirlərdən irəli gələn vəzifələrin vaxtında icrasının, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə çıxış edənlər də dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsində yerli təşkilatların rolu barədə fikirlərini bölüşüblər.
Tədbirdə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin olunması, dövlət qurumları ilə YAP-ın yerli təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşıda duran məsələlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.


