Biləsuvar rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.
Cənub Media xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Müşavirədə məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışının ölkənin gələcək inkişafı və milli təhlükəsizliyi ilə bağlı prioritetləri müəyyənləşdirdiyini bildirib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin qarşısında yeni inkişaf imkanları açıb.
Faiq Qürbətov rayonda investisiya qoyuluşları və həyata keçirilən layihələr barədə də məlumat verib. Bildirilib ki, 2020-ci ildən 2026-cı ilin ilk doqquz ayınadək Biləsuvar rayonunun iqtisadiyyatına 667,7 milyon manat investisiya yatırılıb. Bunun 182,7 milyon manatı dövlət, 485 milyon manatı isə özəl sektorun payına düşüb.
Qeyd olunub ki, 2027-ci il üçün rayonda ilkin olaraq 119 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır. İnvestisiyaların həcminin daha da artırılması qarşıda duran əsas vəzifələrdəndir.
Rayon rəhbəri Biləsuvarda həyata keçirilən enerji layihəsinə də toxunub. Hazırda 1454 hektar ərazidə Biləsuvar Günəş Elektrik Stansiyasının tikintisinin davam etdirildiyi bildirilib. Ümumi gücü 445 meqavat olacaq stansiyanın tam gücü ilə fəaliyyətə başlamasından sonra 179 mindən çox evin təmiz enerji ilə təmin ediləcəyi qeyd olunub. Layihənin tikintisinə yaxın 1000 yerli sakinin cəlb edilməsi isə rayonda məşğulluğun artırılmasına töhfə verir.
Müşavirədə çıxış edənlər gənclərin yad ideoloji təsirlərdən qorunmasının, onların milli-mənəvi dəyərlər, dövlətçilik prinsipləri və vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb. Həmçinin gənclərin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
İlkin Adıyev, Cənub Media