Masallı rayonunun Yeni Zuvand kəndində Vətən müharibəsi şəhidi Ülvi Nüsrətbəyli Arif oğlunun şəhadətinin altıncı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 13-də keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Tədbirdə Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin daim uca tutulmasının, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının göstərilməsinin əhəmiyyəti vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media