Cəlilabad rayonunda kommunal xidmətlərin keyfiyyətinin artırılması və təmizlik təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yeni xüsusi texnika istifadəyə verilib.
Cənub Media xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinə məişət tullantılarının toplanması və daşınması üçün nəzərdə tutulan, tutumu 22 kubmetr olan bir ədəd xüsusi texnika ayrılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodunda istehsal edilən texnika əvəzsiz olaraq Cəlilabad Kommunal Müəssisələr Kombinatına təqdim olunub.
Yeni texnikanın istifadəsi tullantıların vaxtında daşınmasına, kommunal xidmətlərin daha operativ təşkilinə, küçə və ictimai ərazilərin təmizliyinin qorunmasına, eləcə də rayonun sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək.
Rayonda təmizlik və abadlıq işlərinin davam etdirilməsi, ətraf mühitin mühafizəsi və sakinlər üçün sağlam yaşayış şəraitinin yaradılması istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Sakinlərə məişət tullantılarını müəyyən edilmiş zibil qutularına atmaq, ictimai ərazilərin təmizliyini qorumaq və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına töhfə vermək tövsiyə olunur.
İlkin Adıyev, Cənub Media, Cəlilabad

