Lənkəran Şəhər İcra Hakimiyyətində dövlət idarəçiliyində rəqəmsal texnologiyaların tətbiqi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı müşavirə keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 9-da keçirilən aparat müşavirəsində “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrası müzakirə olunub. İclasda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Taleh Qaraşov bildirib ki, Yol Xəritəsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində hazırlanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı sənədin əsas məqsədi dövlət idarəçiliyində səmərəliliyi və şəffaflığı artırmaq, xidmətlərin operativliyini təmin etmək və vətəndaş məmnunluğunu yüksəltməkdir.
Müşavirədə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məsələlərinə toxunulub. Bu istiqamətdə işlərin əlaqələndirilməsi üçün icra başçısının müavini, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Emin Quliyev məsul şəxs təyin edilib. Aidiyyəti sahələr üzrə əməkdaşların da müəyyənləşdirildiyi və müvafiq dövlət qurumları ilə koordinasiyalı fəaliyyətə başlanıldığı bildirilib.
Qeyd olunub ki, rəqəmsallaşma çərçivəsində daxili idarəetmə və qərar qəbuletmə proseslərinin müasirləşdirilməsi, dövlət xidmətlərinin elektron mühitə keçirilməsi, kağız sənəd dövriyyəsinin azaldılması və vətəndaş müraciətlərinə baxılma müddətinin qısaldılması nəzərdə tutulur.
Yol Xəritəsinin əsas istiqamətlərindən biri də dövlət informasiya sistemlərində mövcud olan məlumatların vətəndaşlardan təkrar tələb edilməməsidir. Bu məqsədlə “Yalnız bir dəfə” (Once-only) prinsipi tətbiq olunacaq, dövlət qurumları arasında elektron məlumat mübadiləsi genişləndiriləcək.
Bununla yanaşı, vətəndaş müraciətlərinin yenilənmiş “myGov” portalı üzərindən qəbulu və cavablandırılması mexanizminin qurulması nəzərdə tutulur. Sakinlərin rəqəmsal xidmətlərdən daha geniş istifadəsini təmin etmək üçün yerli icra hakimiyyəti orqanları, ərazi nümayəndəlikləri və bələdiyyələr tərəfindən maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirədə, həmçinin əməkdaşların rəqəmsal bacarıqlarının, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərinin və kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması məqsədilə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
İlkin Adıyev, Cənub Media, Lənkəran
