Lənkəran şəhərinin Haftoni qəsəbəsində “Gənclik kəndimizdə” adlı görüş keçirilib.
Cənub Media xəbər verir ki, görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “Yeniyetmələrin Gələcək İnkişaf Platforması” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirin əsas məqsədi yeniyetmə və gənclərlə birbaşa ünsiyyət qurmaq, onların maraq və bacarıqlarını üzə çıxarmaq, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud imkanlar barədə məlumat vermək olub.
Görüşün ilk hissəsində Lənkəran Gənclər Evinin əməkdaşı Fərəh Axundzadə tərəfindən şəxsi inkişaf mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılar özünüinkişaf, yeni bacarıqların formalaşdırılması, fəal həyat mövqeyi və ictimai fəaliyyətin yaratdığı imkanlarla bağlı fikir mübadiləsi aparıblar.
Daha sonra “Cənub Könüllüləri” tərəfindən təşkil olunan interaktiv oyunlarla tədbir davam edib. Komanda oyunlarında iştirakçılar həm əylənib, həm də əməkdaşlıq, çevik düşünmə və ünsiyyət bacarıqlarını sınayıblar.
Görüş zamanı könüllü gənclərlə Haftoni qəsəbəsinin yeniyetmə və gəncləri arasında səmimi ünsiyyət də qurulub. İştirakçılar maraq dairələri, mövcud imkanlar və gələcəklə bağlı düşüncələri barədə fikir mübadiləsi aparıb, könüllülərin təcrübələrindən faydalı məsləhətlər əldə ediblər.
Tədbirdə fəallığı ilə seçilən iştirakçılar Təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, “Yeniyetmələrin Gələcək İnkişaf Platforması” layihəsi çərçivəsində növbəti görüşlərin Lənkəran rayonunun digər kənd və qəsəbələrində keçirilməsi nəzərdə tutulur.
İlkin Adıyev, Cənub Media




