Məşhur “Nənələr” folklor qrupunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində həlak olub.
Cənub Media xəbər verir ki, Lənkəranın Separadi kəndindən olan 58 yaşlı həkim Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsində həlak olub.
Məlumata görə, 1968-ci il təvəllüdlü Vahab Quliyev müharibənin başlamasından bir il sonra ixtisası üzrə fəaliyyət göstərmək üçün Ukrayna tərəfindən hərbi xidmətə çağırılıb. Xidmət müddətində iki dəfə yaralanan Vahab Quliyev müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb.
O, bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin PUA-sının zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-1994-cü illərdə dissertasiya işi üzərində çalışıb və Moskvada müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.
Məlumata görə, Vahab Quliyev 30 ildən artıqdır Ukraynada yaşayıb. O, Lənkəranın məşhur “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur.
Hazırda onun meyitinin Azərbaycana gətirilərək doğulduğu Separadi kəndində dəfn olunması üçün tədbirlər görülür.
Allahdan həmyerlimizə rəhmət, yaxınlarına səbir diləyirik.
Cənub Media, Lənkəran
