Cəlilabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.
Cənub Media xəbər verir ki, Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Müşavirədə Cəlilabadda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.
Rafiq Cəlilov Dövlət Proqramının rayon üçün əhəmiyyətindən, fermer və sahibkarlara göstərilən dövlət dəstəyinin önəmindən danışıb. O, Kənd Təsərrüfatı Nazirliyi ilə Rayon İcra Hakimiyyəti arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə Dövlət Proqramının əsas hədəfləri və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirilib ki, yeni mexanizmlər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsinə yönəlib.
Müşavirədə fermerlərin dövlət dəstəyi mexanizmlərindən yararlanması, subsidiyalaşdırma, aqrar sığorta, maliyyə resurslarına çıxış və güzəştli kredit imkanları da müzakirə edilib.
Sonda fermer və sahibkarların sualları cavablandırılıb, onların təklifləri dinlənilib.
İlkin Adıyev, Cənub Media
