Bədəndəki xalların görünüşündə və sayında baş verən dəyişikliklərə diqqət yetirmək vacibdir. Xüsusilə yeni xalların sürətlə yaranması, mövcud xalların dəyişməsi və tez-tez zədələnməsi dermatoloji müayinəyə ehtiyac yarada bilər.
Cənub Media xəbər verir ki, onkoloq Anastasiya Maryenko xalların bədxassəli dəyişikliklərə məruz qalma ehtimalı barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, bəzi xallarda melanositlərin anormal dəyişiklikləri melanomanın inkişafı ilə əlaqəli ola bilər. Buna görə də bədəndə çoxsaylı xalların olması və yenilərinin aktiv şəkildə yaranması diqqətdən kənarda qalmamalıdır.
Həkim xalların davamlı olaraq zədələnməsinin də arzuolunmaz olduğunu bildirib. Xüsusilə paltar, aksesuar və ya digər amillərlə mütəmadi sürtünməyə məruz qalan xalların dermatoloq tərəfindən qiymətləndirilməsi tövsiyə olunur.
Günəş şüalarına həddindən artıq məruz qalma və qaralma da dəri xərçəngi riskini artıran amillər sırasında göstərilir.
Mütəxəssis xalda qanama, səbəbsiz ifrazat, ölçü və forma dəyişikliyi kimi əlamətlər müşahidə edildikdə həkimə müraciət etməyin vacibliyini vurğulayıb.
Onkoloq həmçinin şübhəli xalların kosmetik məqsədlə çıxarılmasından əvvəl mütləq həkim tərəfindən qiymətləndirilməsini tövsiyə edib. Xalın götürülməsi məsələsi onun xarakterindən asılı olaraq dermatoloq və ya onkoloq tərəfindən müəyyənləşdirilməlidir.