27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı rayonunun müxtəlif ərazilərində şəhidlərin xatirəsinə həsr olunan silsilə ağacəkmə aksiyaları keçirilib.
Cənub Media xəbər verir ki,Aksiyalar zamanı yaşayış məntəqələrində, yol kənarlarında və ictimai ərazilərdə müxtəlif növ ağaclar əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər görülüb.
Silsilə aksiyaların sonuncusu Sərçuvar kəndində yerləşən dairəvi yol qovşağında təşkil olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğu bildirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb.
Qeyd olunub ki, şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyaları həm onların xatirəsinin yaşadılmasına, həm də rayon ərazisində yaşıllıqların artırılmasına xidmət edir.
Aksiyalarda sakinlərin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı Anım Gününə göstərilən ehtiramın ifadəsi kimi qiymətləndirilib.
Əlihüseyn Şükürov, Cənub Media
