Lənkəranda ali və peşə təhsili arasında birgə kadr hazırlığına başlanılıb.
Cənub Media xəbər verir ki, Lənkəran Dövlət Universiteti (LDU) ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində baytarlıq və heyvandarlıq sahəsində birgə kadr hazırlığına start verilib.
Əməkdaşlıq çərçivəsində Peşə Təhsil Mərkəzinin “Baytarlıq və heyvandarlıq” ixtisası üzrə yüksək texniki peşə təhsili alan tələbələrinin LDU-nun müasir klinika və laboratoriyalarında praktiki bilik və bacarıqlarını inkişaf etdirməsi nəzərdə tutulur.
Tələbələrin universitetin maddi-texniki bazasından və müasir laboratoriya imkanlarından yararlanması onların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradacaq.
İki təhsil müəssisəsi arasında imzalanmış 5 illik əməkdaşlıq müqaviləsi ali və peşə təhsilinin inteqrasiyasının gücləndirilməsini, eləcə də regionda əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasını nəzərdə tutur.
Bu əməkdaşlığın xüsusilə baytarlıq və heyvandarlıq sahəsində region üçün ixtisaslı kadrların hazırlanmasına töhfə verməsi gözlənilir.
İlkin Adıyev, Cənub Media