Lerikdə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
Cənub Media xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, ziyalılar və digər şəxslər iştirak ediblər.
Çıxış edən Əkbər Abbasov YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən prioritetlərin və qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin reallaşdırılması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və ölkənin davamlı inkişafının təmin edilməsi dövlət qurumları ilə yanaşı, ictimaiyyət nümayəndələrinin də üzərinə mühüm məsuliyyət qoyur.
Tədbirdə Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, Lerik rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov, şəhid atası, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov və I qrup Qarabağ müharibəsi əlili, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov çıxış ediblər.
Çıxışlarda qurultayda səsləndirilən müddəaların əhəmiyyəti vurğulanıb, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində ictimai həmrəyliyin, vətəndaş məsuliyyətinin və birgə fəaliyyətin rolu qeyd olunub.
Cənub Media, Lerik