Lerikdən olan idmançı Tuncay İbrahimzadə Belarusda eşitmə məhdudiyyətli idmançılar arasında keçirilən güləş üzrə Açıq Kubokda gümüş medal qazanıb.
Cənub Media xəbər verir ki, Belarusda kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə təşkil olunan yarışda Azərbaycan təmsilçisi 77 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Tuncay İbrahimzadə ilk görüşdə Rusiya idmançısı Maksim Aladkovu 11:0, ikinci qarşılaşmada isə Belarus təmsilçisi Aleksei Burakovu 8:2 hesabı ilə məğlub edib.
Üçüncü görüşdə Belarus idmançısı Aleksei Kolesniyə 1:11 hesabı ilə uduzan güləşçimiz son qarşılaşmada Azərbaycan təmsilçisi Zöhrab Mehtiyevə 9:4 hesabı ilə qalib gəlib.
Beləliklə, Tuncay İbrahimzadə Belarus Açıq Kubokunu gümüş medalla başa vurub.
İdmançımızı təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!
İlkin Adıyev, Cənub Media