Masallı rayonunun Hişkədərə kəndində Vətən uğrunda şəhid olmuş İbrahim Lələyevin şəhadətinin altıncı ildönümü qeyd edilib.
Cənub Media xəbər verir ki, oktyabrın 11-də keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları şəhid İbrahim Həzrətqulu oğlu Lələyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Tədbirdə Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin yaşadılmasının, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına diqqət və qayğının göstərilməsinin əhəmiyyəti vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media, Masallı