Biləsuvar rayonunda fəaliyyət göstərən bir qrup müəllim 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.
Cənub Media xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə gənc nəslin təlim-tərbiyəsində və təhsilin inkişafında xidmətləri olan təhsil işçilərinə müxtəlif mükafatlar təqdim olunub.
Təltif olunanlar arasında Mübariz İbrahimov adına Təhsil Kompleksinin iki müəllimi də yer alıb.
Kompleksin fizika müəllimi, Fizika kafedrasının müdiri Siyasət İsayev “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Kompleksin kimya fənni üzrə baş müəllimi Gülnarə Dadaşovaya isə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim edilib.
Bundan başqa, Biləsuvar şəhər Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili müəllimi Səidə Qəhrəmanova və biologiya müəllimi Zəhra Ağazadə də Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar.
Təltiflər müəllimlərin pedaqoji fəaliyyətinin, təhsilin inkişafına və gənc nəslin yetişdirilməsinə verdikləri töhfələrin qiymətləndirilməsi məqsədilə təqdim edilib.
Qeyd edək ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə hər il təhsil sahəsində fərqlənən müəllim və digər təhsil işçiləri müxtəlif mükafatlarla təltif olunurlar.
Cənub Media