27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkında “Zəfərə yazılan 44 günün ilk səhifəsi” mövzusunda tədbir təşkil olunub.
Cənub Media xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini, daha sonra isə Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Masallı Rayon şöbəsinin əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Çıxış edən Araz Əhmədov 27 Sentyabrın Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan Zəfər yolunun başlanğıcı olub.
İcra başçısı vurğulayıb ki, həmin tarixi gün Azərbaycan xalqının milli birliyini və Vətən uğrunda mübarizə əzmini nümayiş etdirib. O, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı Məşhur Məmmədov, SHXÇDX-nin Masallı Rayon şöbəsinin rəisi Rəfail Xəlilov, Vətən müharibəsi şəhidi Sübhan Həsənovun anası Ülkər Həsənova, müharibə iştirakçısı Kərəm Əlizadə və QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxış ediblər.
Çıxışlarda şəhidlərin və qazilərin göstərdiyi qəhrəmanlıqdan, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışılıb. Gənclərə şəhidlərin müqəddəs əmanəti olan Vətənə sahib çıxmaq, təhsil və elm sahəsində uğurlar qazanmaq, ölkənin inkişafına töhfə vermək çağırışı edilib.
Tədbir zamanı şəhid Məhəmməd Əliyevin bacısı oğlu Rəsul İsaqovun səsləndirdiyi şeir iştirakçılar tərəfindən kövrək anlarla qarşılanıb.
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmin vaxt nəqliyyat vasitələri də səs siqnalları verərək şəhidlərin xatirəsinə ehtiram nümayiş etdiriblər.
Əlihüseyn Şükürov, Cənub Media