Lənkəran Dövlət Universitetində “GİNius 86.600” – “Fibonacci” intellektual-əyləncəli oyununun region mərhələsi keçirilib.
Cənub Media xəbər verir ki, vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə baş tutub.
Yarışda Lənkəran-Astara, Şirvan-Salyan və Mil-Muğan iqtisadi rayonlarını təmsil edən ümumilikdə 15 komanda iştirak edib. Tələbə-gənclər müxtəlif intellektual suallar ətrafında bilik və bacarıqlarını sınayıblar.
Tədbirin açılışında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirakçıları salamlayaraq intellektual yarışların gənclərin bilik və bacarıqlarının inkişafında, analitik düşüncə və komanda şəklində işləmək qabiliyyətlərinin artırılmasında mühüm rol oynadığını bildirib.
Yarışın yekun nəticələrinə əsasən, I yerə ADPU-nun Cəlilabad filialının “Nova Civitas” komandası layiq görülüb.
II yeri həmin filialın “Dinamo” komandası, III yeri isə Lənkəran Dövlət Universitetinin “The Big Bang” komandası tutub.
Qalib və mükafatçı komandalar növbəti mərhələyə vəsiqə qazanıblar. Onlar Bakıda keçiriləcək yarımfinal mərhələsində regionu təmsil edəcəklər.
Yarışın keçirilməsində əsas məqsəd gənclərin intellektual potensialının inkişaf etdirilməsi, analitik düşünmə və operativ qərarvermə bacarıqlarının gücləndirilməsi, həmçinin tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması olub.
İlkin Adıyev, Cənub Media