Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub.
Cənub Media xəbər verir ki, 21 sentyabr 2026-cı ildə Masallıda Lokal xarakterli antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər şəhid məzarlarını ziyarət ediblər. Mərasim zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
Anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri, şəhid ailələri, ziyalılar, din xadimləri, ağsaqqallar, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda 2023-cü ilin sentyabrında keçirilən Lokal antiterror əməliyyatlarının Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasında mühüm tarixi əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu ölkənin bütün ərazisində bərpa edilib.
Tədbir iştirakçıları şəhidlərin keçdiyi şərəfli döyüş yolundan və göstərdikləri qəhrəmanlıqdan söz açaraq onların xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildiriblər.
Şəhid ailələrinin və müharibə iştirakçılarının daim diqqətdə saxlanılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd olunub.
Əlihüseyn Şükürov, Cənub Media